Yuxarı

Bakı məktəblərində eksternat imtahanlarına qeydiyyat başlayıb

Bakı məktəblərində eksternat imtahanlarına qeydiyyat başlayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı məktəblərində eksternat imtahanlarına qeydiyyat və sənəd qəbuluna dekabrın 1-dən start verilib. Qeydiyyat və sənəd qəbulu dekabrın 20-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılacaq.

Bu barədə "Report"a idarənin mətbuat xidmətindən məlumat verilib.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar iştirak edə bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Eksternat imtahanlarına 16 yaşı tamam olmuş şəxslər qatıla bilərlər.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 21-22 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi