Yuxarı

Bakı Ali Neft Məktəbinin Həmkarlar İttifaqı təşkilatı təsis olunub

Ali Məktəbin Tələbələrlə iş şöbəsinin rəisi Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib. Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Konfransda Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Konfransı açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb. O, bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini qeyd edərək bildirib ki, qədim neft diyarı olan Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub. Rektor neft-qaz sənayəsində çalışanların əməyinin ağır olduğunu diqqətə çatdıraraq, hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən Azərbaycanda neftçilərin hüquqlarının müdafiəsi üçün ilk Həmkarlar İttifaqının təsis edildiyini bildirib. O, BANM-in professor-müəllim heyətini və tələbələri Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb və bu əlamətdar hadisə münasibəti ilə onları təbrik edib.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və istiqamətləri barədə məlumat verib. Neft-qaz sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinin SOCAR-ın səmərəli fəaliyyəti üçün vacib olduğunu vurğulayaraq, hələ 1904-cü ildə Bakı fəhlələri və neft sahibkarları arasında imzalanmış “Mazut müqaviləsi” ilə başlanmış hərəkatın 1906-cı ildə ilk Həmkarlar İttifaqının yaranması ilə nəticələndiyini xatırladıb. O, həmçinin belə nüfuzlu Ali Məktəbdə Həmkarlar İttifaqı Komitəsinin yaranmasını alqışladığını bildirib və qurumun fəaliyyətində uğurlar arzulayıb.

Sonda BANM-in yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi