Yuxarı
    Bağlamaq

    Aztəminatlı ailələrdən olan tələbələrə faizsiz kredit veriləcək

    Kredit almaq istəyənlər oktyabr ayının 13-ə qədər fonda müraciət etməlidirlər

    Bakı. 15 sentyabr. REPORT.AZ/ “Maarifçi” Tələbə Kredit Fondu dördüncü elan sessiyasında aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim edib. 

    Fonddan "Report"a verilən məlumata görə, kredit almaq istəyənlər oktyabr ayının 13-ə qədər fonda müraciət etməlidirlər. 

    Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

    Qeyd edək ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tələbləri əsasında yaradılan və fasiləsiz təhsili təşviq edən “Maarifçi” Tələbə Kredit Fondu bir sosial layihə kimi tələbələrin Azərbaycan üçün faydalı mütəxəssisə çevrilməsini əsas hədəf kimi müəyyənləşdirərək onları təhsil prosesindən yayındıra biləcək qayğıları azaltmağı qarşısına məqsəd qoyub.

    Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qalıb. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır.

    Kreditin verilməsi prosesinin elektron müraciət əsasında yerinə yetirilməsi və tələbələrin kredit tarixçələrini, baş verən yenilikləri şəxsi kabinetləri vasitəsilə izləmək imkanı rəsmiləşdirmənin şəffaflığını və vaxt itkisinin qarşısını almaqla, tələbələrin fondla bağlı dərsdən yayınma hallarını azaldır.

    Xatırladaq ki, “Təhsilə diqqət, gələcəyimizə zəmanətdir” şüarını əsas götürən “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyə qədər 3 elan sessiyası keçirib. Bu müddət ərzində fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə 135 təhsil krediti müqaviləsi imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi