Bakı. 23 noyabr. REPORT.AZ/ “Zoologiya İnstitutunda aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycan heyvanlar aləminin növ tərkibi öyrənilib”.
“Report” xəbər verir ki, bunu AMEA Zoologiya İnstitutunun 80 illik yubileyi ilə bağlı keçirilən tədbirdə institutun direktoru Elman Yusifov deyib.
O bildirib ki, ötən 80 il ərzində institut 2000 növdən artıq sərbəstyaşayan və parazit ibtidai, insanlarlarda və heyvanlarda parazitlik edən 1500 növdən çox helmint, 360 növdən çox xərçəngkimilər, təqribən 25 min növ həşərat, 1200 növdən artıq hörümçəkkimilər, 101 növ balıq, 11 növ suda-quruda yaşayan, 54 növ sürünən, 370 növ quş, 113 növ məməli heyvan müəyyən edilib: “Zoologiya İnstitutunun nəzdində 1971-ci ildə yaradılan Zooloji Muzeydə respublika və dünya faunasına məxsus zəngin kolleksiya saxlanılır”.
E.Yusifov bildirib ki, tədqiqatların nəticələrinə əsasən Azərbaycanın "Qırmızı Kitab"ının ikinci nəşrinə nəsli kəsilməkdə və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 213 növ heyvan daxil edilib.
Direktor qeyd edib ki, institutun perspektiv planında heyvanlar aləminin bioloji müxtəlifliyinin araşdırılması, zəif tədqiq edilmiş heyvan qruplarının öyrənilməsi, təsərrüfat əhəmiyyətli nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin biologiya və iqtisadi cəhətdən faydalı heyvanların çoxalma texnologiyasının hazırlanması, müxtəlif təbii komplekslərdə mənfi antropogen təsirin güclənməsi şəraitində heyvanların yayılma, say, ekoloji və davranış xüsusiyyətlərinin tətqiqi, birbaşa praktik əhəmiyyəti olan və Dövlət proqramlarının tələbinə cavab verən tədqiqatların genişləndirilməsi, gənclərin işə cəlb olunması üçün şəraitin yaradılması, yeni tədqiqatları üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi məsələsi durur.