Azərbaycanın 93 yaşlı “Əməkdar müəllim”i dünyasını dəyişib

Azərbaycanın 93 yaşlı “Əməkdar müəllim”i dünyasını dəyişib Əbdülməcid Rzayev Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə ordenlərlə təltif olunub
Elm və təhsil
22 İyun , 2016 09:57
Azərbaycanın 93 yaşlı “Əməkdar müəllim”i dünyasını dəyişib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanın “Əməkdar müəllim”i dünyasını dəyişib.

“Report” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya fakültəsinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əbdülməcid Seyidrza oğlu Rzayev 93 yaşında vəfat edib.

Qeyd edək ki, Ə.Rzayev 1923-cü il aprelin 15-də Qusar şəhərində anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Darülfünün (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirib, aspiranturaya daxil olub. 1963-cü ildə “Qlikol efirləri və naften turşularının emalı” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1952-ci ildə Neft Daşlarının metal konstruksiyalarının korroziyadan qorunması məqsədi ilə yaradılmış Bakı Lak Boya İstehsalat Birliyinə işə göndərilib. Burada şöbə müdiri, baş mühəndis vəzifəsində işləyib. 1955-1961-cı illər Bakı Lak Boya İstehsalat Birliyində direktor vəzifəsində çalışıb. 1961-ci ildə akademik Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdirinin müavini, 1963-1966-cı illər Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi, 1966-1972-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müdiri, 1972-ci ildən ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasının dosenti işləyib.

Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə, “Qırmızı Ulduz” və “I dərəcəli Böyük Vətən müharibəsi” ordenləri ilə təltif olunub.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi