Yuxarı

​Azərbaycanın 29 şəhər və rayonunda ilk sınaq imtahanları keçirilib

İmtahanlarda iştirak etmək üçün 48 343 abituriyent qeydiyyatdan keçib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ilk sınaq imtahanları keçirilib.

"Report" xəbər verir ki, imtahanlarda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 343 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq ki, ilk sınaq imtahanları Azərbaycanın 29 şəhər və rayonunda keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilib.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi