Azərbaycanda yeni otlaq sahələri aşkarlanıb

Azərbaycanda yeni otlaq sahələri aşkarlanıb Coğrafiya İnstitutunun direktoru: "Xəzər dənizinin suyunun azalması nəticəsində yeni otlaqlar yaranıb"
Elm və təhsil
1 May , 2015 14:59
Azərbaycanda yeni otlaq sahələri aşkarlanıb

Bakı. 1 may. REPORT.AZ/ "Azərbaycanda yeni otlaq sahələri aşkarlanıb". Bu barədə "Report"a AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

O bildirib ki, Rusiya Elmlər Akademiyasının Ural Çöl İnstitutunun direktoru Aleksandr Çibilyov bir müddət əvvəl Azərbaycanda olub, 5 gün müddətində Coğrafiya İnstitutunun əməkdaşları ilə birlikdə ölkə ərazisini gəzib: "Bu müddət ərzində onunla birlikdə Azərbaycanın çöl ərazilərini - Mil, Muğan, Kürün mənsəbi, Şirvan Milli Parkının yerləşdiyi ərazini, dəmirçi vulkanı Böyük Qafqazın cənub-şərq yamacını gəzdik. Tədqiqatların aparılmasında əsas məqsəd yaz mövsümündə çöl ərazilərində bitki örtüyü və heyvanlar aləminin həyatını öyrənmək idi".

İnstitut direktoru əlavə edib ki, bu, birlikdə həyata keçirilən ilkin tədqiqatlar idi: "Hər zaman fikirləşirdik ki, ən yaxşı otlaqlar dağlarda, əsasən də Böyük Qafqaz və Quba ərazisindədir. Lakin son tədqiqatlar göstərdi ki, ən yaxşı otlaqlar məhz Kürün mənsəbində Neftçala zonasındadır. Hazırda həmin ərazi heyvandarlıq üçün ən münbit şəraiti olan yerdir. Çünki hər yer yoncadır. Əvvəl həmin yerlər suyun altında idi. Lakin son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində həmin yerdə çox gözəl otlaqlar yaranıb".

Xəzərin səviyyəsinin son bir neçə ildə aşağı düşməsinin səbəbini iqlim dəyişikliyi ilə əlaqələndirən R.Məmmədov qeyd edib ki, ilk növbədə buna səbəb Volqa çayının suyunun azalmasıdır: "Yəni bu çayın orta illik suyu 280 min kubmetrdir. Amma son illərin müşahidəsi onu göstərir ki, hazırda bu rəqəm 220-200 min kub/m-ə düşüb. Bu da təqribən dənizin 15-20 sm səviyyəsi deməkdir. Xəzər dənizinin suyunun azalmasının təhlükəsi danılmazdır. Lakin əsas olan suyun səviyyəsinin qalxmamasıdır. Belə olarsa, deməli, daha çox təhlükə var".  

Son xəbərlər

Orphus sistemi