​Azərbaycanda “Tələbə həftəsi” elan olunub

​Azərbaycanda “Tələbə həftəsi” elan olunub 20-yə yaxın ali təhsil müəssisəsində müsabiqə və yarışlar keçiriləcək
Elm və təhsil
2 Noyabr , 2015 17:59
​Azərbaycanda “Tələbə həftəsi” elan olunub

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyi (ATB) “Beynəlxalq Tələbə Günü” münasibətilə 2015-ci il noyabrın 10-dan 17-dək Azərbaycanda “Tələbə həftəsi” elan edir. Bu barədə “Report”a ATB-nin Mətbuat Katibliyindən bildirilib.

Birlik tərəfindən ənənəvi olaraq hər il təşkil edilən bu həftəliyin əsas məqsədi Azərbaycan tələbələrinin beynəlxalq tələbə hərəkatının fəal hissəsi olduğunu nümayiş etdirmək və onların təşəbbüslərini dəstəkləməkdir.

Birliyin sədri Elvin Aslanovun verdiyi məlumata əsasən, “Tələbə həftəsi” çərçivəsində 20-yə yaxın ali təhsil müəssisəsində müsabiqə və yarışların keçirilməsi, görüş və konfransların, habelə maarifləndirici aksiyaların təşkil olunması nəzərdə tutulur. Tədbirlər yalnız Bakı şəhərini deyil, eyni zamanda Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərini də əhatə edəcək. Həftəlik çərçivəsində ictimai fəallığı ilə fərqlənən tələbələrin mükafatlandırılması, bir neçə tələbə qrupunun sosial layihələrinin dəstəklənməsi, sonda isə Azərbaycan tələbələrinin dünya ictimaiyyətinə müraciətinin ünvanlanması da planlaşdırılır.

E.Aslanov onu da əlavə edib ki, Azərbaycan tələbələri istər təhsil prosesində, istərsə də ictimai-siyasi proseslərdə çox fəal iştirak edirlər: “Bu gün tələbələrimiz yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da fəaldırlar. Onların ən reytinqli xarici ali təhsil ocaqlarında təhsil almaları, diasporda fəallıqları, müxtəlif beynəlxalq təşkilatlarda ciddi vəzifələr tutmaları, beynəlxalq yarış və simpoziumlarda iştirakları və s. dediklərimizə bariz nümunədir. Buna görə də Azərbaycan tələbələri beynəlxalq tələbə hərəkatının fəal tərkib hissəsi olmaqla yanaşı, həm də öz ölkəsini dünyada layiqincə təbliğ edə bilən qüvvədir”. 

Son xəbərlər

Orphus sistemi