Yuxarı

​Azərbaycanda pullu təhsil asanlaşdırılacaq

Bununla bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təkliflər verilib

Bakı. 16 may. REPORT.AZ/ "Ödənişli ixtisasları seçəcək abituriyentlərin təhsil haqlarını qaytarma qabiliyyəti qəbul olunacaqları ali təhsil müəssisələri tərəfindən əvvəlcədən araşdırılmalıdır. Bu gün kreditlərin verilməsi və bank əməliyyatlarının rəsmiləşdirilməsində çox yaxşı təcrübə tətbiq olunub". Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu nazir Əli Abbasov Sumqayıtda vətəndaşlarla görüşdən sonra bildirib.

Ə.Abbasovun sözlərinə görə, indiyə qədər keçirilən görüş və qəbulların analizi göstərir ki, təhsil haqlarının ödənilməsi məsələləri ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətlər ümumi müraciətlərdə üstünlük təşkil edir: "Əsasən övladları ödənişli əsaslarla ali təhsil müəssisəsinə daxil olan valideynlər bu ödənişləri qarşılamaq qabiliyyətində olmadıqlarını, buna güclərinin çatmadığını bildirirlər. Universitetdə çox yaxşı oxuyan, amma ödəmə qabiliyyəti olmadığı üçün tələbənin təhsil müəssisəsindən xaric edilməsi də düzgün olmazdı. Ona görə də biz keçirilən görüşlər və son qəbullardan sonra Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təklif irəli sürmək qərarına gəlmişik.

Belə ki, "Elektron hökumət" portalında hər bir vətəndaşın fərdi məlumatları, o cümlədən gəlirləri haqda ətraflı məlumat bazası toplanılıb. Kredit müraciətləri zamanı vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsindən istifadə olunur. Vahid portalda toplanan bu məlumatlar kreditin qaytarma qabiliyyətinin əvvəlcədən araşdırılmasına da imkan verir. Əgər universitet tələbəni qəbul edirsə, onun təhsil haqqını ödəyib-ödəyə bilməyəcəyini də bilməlidir. Tələbə təhsil ödənişlərini qarşılaya bilmirsə, bu maliyyələşdirmə müəyyən qrantlar, dövlətin təsis etdiyi müvafiq fondlardan vəsait cəlb edilməklə ödənilməlidir. Belə olarsa, o zaman problem də yaranmayacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq, biz bu gün mühəndis-texniki ixtisasları seçən tələbələrə müəyyən qədər kömək edirik. Amma analizlərimiz göstərir ki, ödənişləri qarşılaya bilməyən şəxslərə bu yolla kütləvi şəkildə yardım etmək mümkün deyil. Ən doğrusu, tələbənin ali məktəbə daxil olub, təhsil alacağı dörd il müddətində ödəyəcəyi vəsaitlərin mənbəyi əvvəlcədən araşdırılmalıdır", - nazir qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi