Yuxarı

​Azərbaycanda magistraturaya qəbul imtahanlarının vaxtı dəyişdirilib

Hazırda cari il qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu il Bakıda keçiriləcək I Avropa oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtı dəyişdirilib. "Report" xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahalarının qrafikində dəyişiklik nəzərdə tutulur: "Ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilmişdisə, bu il imtahanın ilk mərhələsinin fevralın sonunda aparılması nəzərdə tutulur".

N.Əliyev qeyd edib ki, magistratura pilləsinə qəbul imtahanının II mərhələsi isə ötən il mayın sonunda təşkil olunmuşdusa, bu il analoji imtahanın aprelin sonu və ya mayın əvvəlində aparılması nəzərədə tutulur.

Şöbə müdiri bu il magistratura pilləsi üzrə qəbul planı barədə də məlumat verib: “Hazırda cari il qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir. Qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur. Amma magistratura pilləsinə qəbul aparılacaq ixtisasların sayı və qəbul planı barədə dəqiq məlumat martın sonu və ya aprelin əvvəlində veriləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi