Yuxarı

Azərbaycanda kolleclərə ərizə qəbulu başlanır

Proses mayın 31-dək davam edəcək

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanda ümumi orta təhsil səviyyəsindən (9 illik) kolleclərə ərizə qəbulu başlanır. 

TQDK-dan "Report"a verilən məlumata görə, sabah başlanacaq proses mayın 31-dək davam edəcək.

Ərizə təqdim etmək istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edə bilərlər.

Azərbaycan orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra mayın 20-dən iyunun 2-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçirlər. Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin bəzi ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi