Azərbaycanda ildırım çaxma hadisəsinin ən çox müşahidə olunduğu rayonların adları açıqlanıb

Azərbaycanda ildırım çaxma hadisəsinin ən çox müşahidə olunduğu rayonların adları açıqlanıb Məhərrəm Həsənov: "Bundan qorunmanın ən yaxşı yolu hündür coğrafi obyektlərin yanında dayanmamaqdır"
Elm və təhsil
30 Oktyabr , 2015 16:48
Azərbaycanda ildırım çaxma hadisəsinin ən çox müşahidə olunduğu rayonların adları açıqlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda ildırım hadisəsinin ən çox müşahidə olunduğu rayonların adları açıqlanıb. Coğrafiya elmləri namizədi, dosent Məhərrəm Həsənov "Report"a bildirib ki, tarix boyu ildırım əsasən dağlarda, hündür yerlərdə baş verib: "Ordubad, Şahbuz, Şəki, Şuşa, Gədəbəy, Laçın, Kəlbəcər, Daşkəsən, Qəbələ, Qusar ən çox ildırımın müşahidə edildiyi Azərbaycan rayonlarıdır. Çünki həmin ərazilərdə daha intensiv ildırım vurması hallarına rast gəlinir".

O deyib ki, Azərbaycanda ildırım adətən fəsillərin keçid dövrlərində müşahidə olunur: "Ən çox yazdan yaya, yaydan payıza, yəni keçid dövründə ildırım hadisələri baş verir. Eyni zamanda, aprel, may, iyun, sentyabr, oktyabr aylarında ildırım hadisələrinin olma ehtimalı da çoxdur. Çoxillik məlumatların təhlili göstərir ki, bu ərazilərdə ildə təxminən 4-5 gün ərzində beş dəfə güclü ildırım çaxması müşahidə olunur".

Mütəxəssis qeyd edib ki, adətən göy üzünü qara, tünd buludlar alanda ildırım müşahidə edilir: "Bundan qorunmanın ən yaxşı yolu hündür coğrafi obyektlərin yanında dayanmamaqdır. Böyük qoz, palıd, çinar ağacının yanında dayanmaq olmaz, çünki təbiətdə məhz böyük ağacları ildırım vurur. Həmçinin obyekt nə qədər böyük olursa, onun ildırımı özünə çəkməyi bir o qədər güclü, intensiv olur".

Kənd yerlərində ildırım vurmasından mühafizə olunmaq üçün hər bir evin üstündə ildırım ötürənin olmasının vacibliyinə toxunan M.Həsənov bildirib ki, qurğu evin damının ən hündür hissəsindən bir qədər yuxarıda olmalıdır: "Qurğunun tərkib hissəsi olan qalın məftilin digər ucu isə yerə basdırılır. Bu metal hissəciyi ildırımı torpağa ötürməyə kömək edir. Şəhər yerlərində isə ildırım qoruyucularına ehtiyac yoxdur, çünki hündür binalarda armatur hissələri var ki, bu da ildırımı yerə ötürməyə kömək edir. Bundan başqa, insanların təhlükəli açıq sahədə və hündür ağacların yanında dayanması məsləhət görülmür. Çünki hündür ağacların yanında insanı ildırım vurmaq ehtimalı 90 faizdir".

M.Həsənovun sözlərinə görə, ildırım torpağı deyil, torpağın üstündəkiləri vurur: "Müasir dövrdə kənd yerlərində ildırım vurma ehtimalı bir qədər artıqdır. Çünki kənd evləri adətən daşdan tikilir və orda metaldan istifadə olunmur".

O, həmçinin qeyd edib ki, telefonun ildırımı özünə tərəf çəkməyi sadəcə bir fikirdir: "Bu kimi məsələlər geniş təhlil olunmalıdır və sonra cəmiyyətə təlqin edilməlidir".

Son xəbərlər

Orphus sistemi