Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq təşkil etdiyi Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursunun açılış mərasimi baş tutub.
Proqram beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir.
Üç həftə davam edəcək proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqovə Vyetnamdan olan diplomatlar iştirak edir.