Yuxarı
    Bağlamaq

    Azərbaycan V Moskva Beynəlxalq Təhsil Salonu forumunda təmsil olunub

    © Report

    Bakı. 19 aprel. REPORT.AZ/ Moskvada V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum başlayıb. 

    Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda keçirilən forumda təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

    Foruma Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets, Rusiya Fedarasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, təhsil və elm nazirinin müavini Pavel Zenkoviç, YUNESKO-nun Təhsil İnstitutunun Təhsildə İKT-nin tətbiqi üzrə bölməsinin rəhbəri Fenqçun Miao, təhsili idarəetmə orqanlarının nümayəndələri, pedaqoqlar və metodistlər qatılıblar.

    Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov mərasimdə çıxış edərək bildirib ki, salon çərçivəsində təşkil olunan forum təhsil sahəsindəki son nailiyyətlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün əlverişli şərait yaradır.

    Son illər ərzində Azərbaycanda təhsil sahəsində əldə olunan uğurlardan danışan Firudin Qurbanov İKT-nin nailiyyətlərindən geniş istifadənin təhsil sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, beynəlxalq təcrübədən istifadə edilməklə tədris prosesində müasir informasiya texnologiyalarının sürətləndirilmiş tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb.

    Nazir müavininin sözlərinə görə, strategiyanın reallaşdırılmasında xüsusi rol informasiya resursları mərkəzinə ayrılır. Bu məqsədlə nazirlik yanında müasir səviyyədə təchiz edilmiş Data Mərkəz yaradılıb. Mərkəz nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub.

    Azərbaycanda "İnformatika" fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə diqqət yetirildiyini bildirən nazir müavini qeyd edib ki, Azərbaycanın Təhsil Nazirliyi Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən "Alqoritmika" təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində "Rəqəmsal bacarıqlar" pilot layihəsinə başlayıb. Layihəyə əsasən, "İnformatika" fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılır.

    Nazir müavini Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər (www.e-derslik.edu.az) portalının fəaliyyətindən, distant təhsil çərçivəsində görülmüş işlərdən danışıb. F.Qurbanov çıxışının sonunda qeyd edib ki, Azərbaycan “Bakı Ekspo 2025” Beynəlxalq sərgisinin Bakıda keçirilməsi üzrə əsas iddiaçılardan biridir. Sərginin üç alt mövzularından biri "Gələcəyin təhsili"dir.

    Təhsil nazirinin müavini panel müzakirəsi zamanı tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbir iştirakçıları salon çərçivəsində sərgi ilə tanış olublar.

    F.Qurbanov həmçinin Moskva şəhərində təşkil olunan “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: bir əsrdən sonra baxış” adlı beynəlxalq xarakterli tədbirdə çıxış edib. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, birgə həyata keçirilən layihələr haqqında məlumat verib.

    Moskva Dövlət Universitetində keçirilmiş tədbirə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da qatılıb.

    Ümumilikdə V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində təxminən 1000 tədbir keçiriləcək. Bu tədbirlərdə 1000-dən çox ekspertin, 400 eksponentin və 60 mindən çox ziyarətçinin iştirakı nəzərdə tutulub.

    Qeyd edək ki, aprelin 20-də salon çərçivəsində son 13 il ərzində ilk dəfə olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçiriləcək. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanovun çıxışı gözlənilir.

    V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində tədbirlər aprelin 21-nə qədər davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi