"Microsoft" rəsmisi: "Azərbaycan universitetlərində bəzi tələbələr elektron sistemdən qiymətləri siliblər"

"Microsoft" rəsmisi: "Azərbaycan universitetlərində bəzi tələbələr elektron sistemdən qiymətləri siliblər" Emin Axundov: "Bu gün ölkə üzrə proqram təminatında piratçılığın səviyyəsi 84 faiz təşkil edir"
Elm və təhsil
19 May , 2017 13:02
Microsoft rəsmisi: Azərbaycan universitetlərində bəzi tələbələr elektron sistemdən qiymətləri siliblər

Bakı. 19 may. REPORT.AZ/ "Azərbaycanın dövlət ali təhsil müəssisələrinin daxilindəki elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilə halları olub".

"Report" xəbər verir ki, bunu "Microsoft"un təhsil proqramları üzrə meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, hətta bəzi hallarda bunu tələbələr ediblər: "Onlar ya qiymətləri dəyişib, ya silib, ya da şəffaflıq sistemini pozublar. Nəticədə universitetlərin fəaliyyətində iş dayanıb, onların işlərini yenidən bərpa etməsi üçün böyük maliyyəyə səbəb olan xərclər yaranıb. Bununla bağlı təhlükəsizlik ilk növbədə müəssisənin daxilində qorunmalıdır".

E.Axundov bildirib ki, sistem təhlükəsizliyi üçün istifadə olunan proqramların mənbəyi bilinməlidir: "Müəssisə proqramın haradan əldə olunduğunu, onu hansı şirkətin idarə etdiyini və onun içərisinə nə qoyduğunu bilməlidir. Ona görə də proqram təminatının lisenziyalaşdırılması çox vacibdir. Müəssisələr proqramları məhz lisenziya qaydalarına görə sahibkarlardan almalıdırlar".

"Microsoft"un rəsmisi qeyd edib ki, elektron sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları ən azından onların şirkətlərinin lisenziya qaydalarına uyğun istifadə olunmayıb: "Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər. Müəssisə proqram təminatını bizdən almırsa, deməli, onu pirat üsulla əldə edir. Proqramın işləməsi üçün də piratlar - cinayətkarlar ona müdaxilə etməlidirlər. Müdaxilə nəticəsində piratların həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur. Məhsulun əsl sahibi buna cavabdeh ola bilməz, çünki proqramı onlara başqa qurum verib. O da ola bilsin ki, bunu internetdən yükləyib. Ona görə də sistemə hansı müdaxilələrin olduğunu demək çox çətindir".

E.Axundov vurğulayıb ki, bu gün ölkə üzrə proqram təminatında piratçılığın səviyyəsi 84 faiz təşkil edir. 

Son xəbərlər

Orphus sistemi