Yuxarı

​Azərbaycan Tələbələr Birliyi “Bayraq günü” üçün həmrəylik çağırışı edib

“Sosial şəbəkələrdə öz profil və örtük fotolarımızın Azərbaycan bayrağı ilə əvəz olunmasını xahiş edirik”

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyi “9 Noyabr - Dövlət Bayrağı Günü” ilə əlaqədar tələbələrə və Azərbaycanın bütün vətəndaşlarına çağırış edib. Birliyin mətbuat katibliyindən “Report”a verilən məlumata görə, çağırışda 9 noyabr internet istifadəçisi olan hər bir azərbaycanlının sosial şəbəkələrdə olan profil və örtük şəkillərini yalnız bir günlük Azərbaycan Bayrağının fərqli görüntüləri ilə əvəz etməsi xahiş olunur.

Birliyin sədri Elvin Aslanov çağırışla əlaqədar fikirlərini bölüşərək bildirib ki, zaman-zaman müxtəlif xarici ölkələrdə Azərbaycan bayrağına qarşı hörmətsiz davranışlar müşahidə olunur: “Bəzən bayrağımız təhrif olunur, düzgün asılmır və ya başqa rənglərdə verilir. Belə halların qarşısının alınması, həmçinin bir xalq və millət olaraq həmrəyliyimizin dünya ictimaiyyətinə göstərilməsi üçün istifadə etdiyiniz sosial şəbəkələrdə öz profil və örtük fotolarımızın Azərbaycan bayrağı ilə əvəz olunmasını xahiş edirik. Bununla da bir daha milli suverenliyimizin simvolu, dövlətçilik rəmzimiz olan bayrağa hörmət hissimizi nümayiş etdirə bilərik”.

E.Aslanov sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin çoxluq təşkil etdiyini və həmin şəxslərin müxtəlif ölkələrdən xeyli insanlarla virtual dost olduqlarını nəzərə alaraq, belə bir aksiyanın səmərəli olacağını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi