Yuxarı

Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası təsis olunub

Rusiyalı nazir: Yeni yaradılacaq qurum universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib. "Report" xəbər verir ki, mərasimdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, eləcə də hər iki ölkənin təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov iki ölkə arasında bir çox sahələrdə, eləcə də elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, müasir çağırışlara əsaslanan bu əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.

M.Cabbarov onu da xatırladıb ki, bu gün ölkədə fəaliyyət göstərən 341 məktəbdə rus dili tədris olunur: "Həmin məktəblərdə yüz minə yaxın şagird təhsil alır. Eyni zamanda, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 141 tələbə Rusiyada təhsil alıb. Onların 66-sı təhsillərini başa vurub".

Hər iki ölkənin ortaq tarixi əlaqələrinin mövcudluğunu xatırladan rusiyalı nazir Dmitri Livanov çıxışında ali təhsil müəssisələri arasında əməkdaşlığın ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir etdiyini bildirib. O, yeni yaradılacaq qurumun universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib.

Çıxışlardan sonra hər iki ölkənin rektorları tərəfindən Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb.

Rusiyalı nazirin Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşü də gözlənilir. 

Qeyd edək ki, səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Bakıdakı 23 nömrəli tam orta məktəbdə rus dilində tədris aparılan ümumtəhsil məktəblərinin direktorları ilə görüşüblər. Görüşdə Azərbaycanda rus dilində tədris aparılan məktəblərin tədris prosesi ilə bağlı müzakirələr aparılıb və məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi