Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Azərbaycan qafqazşünas alimlər arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcək"

    Dövlət başçısı Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarını təbrik edib

    Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, məktubda Qafqazın qədim sivilizasiya mərkəzi kimi əsrlərdən bəri müxtəlif xalqların qaynayıb qarışdığı və bir-birinin adət-ənənələrinə qarşılıqlı ehtiram göstərərək əmin-amanlıq şəraitində yaşadığı unikal məkan olduğu bildirilir: "Tarixi İpək Yolu üzərində yerləşən və hələ erkən dövrlərdən qüdrətli imperiyaların can atdığı bu region özünün müstəsna coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və strateji əhəmiyyətinə görə son əsrlərdə də böyük dövlətlərin geosiyasi maraq dairəsinə düşmüşdür.

    Postsovet dövründə tarix elminin ideoloji buxovlardan azad olması, həmçinin qafqazşünaslıq sahəsində bir sıra mühüm məsələlərin yeni yanaşmalar işığında daha dərindən öyrənilməsi zərurətini meydana çıxarmışdır. Bu isə Qafqazın uzun müddətdir araşdırıcılar tərəfindən diqqət mərkəzində saxlanılan keçmişi, mədəniyyəti və eləcə də müasir problemləri ilə bağlı təşkil etdiyiniz ilk belə mötəbər beynəlxalq foruma xüsusi aktuallıq qazandırır. Tədbirinizə dünyanın tanınmış elm mərkəzlərini təmsil edən 150-dən artıq alim və tədqiqatçının qatılması təqdirəlayiq haldır. Çoxtərəfli formatda keçirilən yüksək səviyyəli elmi toplantılar xalqlar və ölkələr, müvafiq elmi tədqiqat institutları və alimlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimləri arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcəkdir.

    Ümidvaram ki, forum çərçivəsində aparacağınız müzakirələr və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində dönüş mərhələsi olacaq, beynəlxalq elmi əməkdaşlığınızın yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət göstərəcək və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi