Yuxarı

Azərbaycan Milli Ensiklopediyasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

Tədbirdə Elmi Mərkəzin bir qrup əməkdaşına AMEA-nın fəxri fərmanları təqdim edilib

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaranmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, alim və mütəxəssislər iştirak ediblər.

AMEA prezidenti, akademik Akif Əlizadə milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan milli ensiklopediyanın inkişaf tarixindən danışıb.

Bu gün Azərbaycan Milli Ensiklopediyasının zəngin tarixi ənənələrə əsaslanaraq fəaliyyətini uğurla davam etdirdiyini söyləyən AMEA prezidenti onun maddi-texniki bazasının kifayət qədər gücləndirildiyini, müasir standartlar səviyyəsinə çatdırıldığını bildirib.

Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. 
Akademik Milli Ensiklopediyanın maarifçilik xüsusiyyətlərindən danışıb: “Milli Ensiklopediyanın nəşrə başlaması Azərbaycan xalqının tarixində böyük hadisədir. Ölkənin coğrafiyası və ictimai həyatı haqqında məlumatları ilk dəfə olaraq əhatəli, dəqiq və dürüst şəkildə əks etdirən Milli Ensiklopediya, xüsusən də “Azərbaycan” xüsusi cildi maarifçilik baxımından mühüm əhəmiyyətə malikdir”.

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Dövlər Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin "Texnika, neft, mədən işləri, informatika, elektronika" redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış ediblər.

Tədbirdə həmçinin Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın fəxri fərmanları təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi