Yuxarı

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi keçiriləcək

AMEA Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir

Bakı. 24 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976–1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” 2004-cü il 5 may tarixli Sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək “Azərbaycan” xüsusi cildi yüksək poliqrafik keyfiyyətdə hazırlanıb oxucuların istifadəsinə verilmişdir. Beş cildi artıq işıq üzü görmüş Milli Ensiklopediyanın növbəti cildləri üzərində mütəmadi iş aparılır.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi