Yuxarı
    Bağlamaq

    Adil Kərimli: "Azərbaycan elminə gənc nəslin gəlişi vacibdir"

    Bugünkü gənc nəslin Azərbaycanı daha da yüksəyə qaldıracağına inanırıq

    Bakı. 12 fevral. REPORT.AZ "Heydər Əliyev Mərkəzi yalnız memarlıq baxımından öz görünüşü ilə deyil, həm də çoxsaylı fəaliyyət istiqamətləri baxımından da diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Mərkəzi elmin, təhsilin inkişafı ilə bağlı çoxsaylı layihələr həyata keçirir. Ona görə də bu müsabiqənin açılış mərasiminin məhz bu binada keçirilməsini təsadüfi saymayaq". "Report" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzinin direktorunun I müavini Adil Kərimli "Sabahın alimləri" müsabiqəsində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Azərbaycan elminə gənc nəslin gəlişi vacibdir: "Ona görə də bu cür müsabiqələr məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir dünyada hər bir ölkənin inkişafı elm və təhsillə ölçülür. Dövlətin uğurlu gələcəyi gənc nəslin intellektual potensialından asılıdır. Bugünkü gənc nəslin Azərbaycanı daha da yüksəyə qaldıracağına inanırıq. Bu gün Azərbaycan gəncliyi ana dilinin milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlamağa, xalqın ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyinə inteqrasiya edərək töhfələr verməyə qadirdir. Bu gün yüksək səviyyədə təhsil alan gənc nəsil elmin sirlərini daha dərindən yiyələnmək, hərtərəfli şəxsiyyət kimi yetişmək üçün öz yolunu sərbəst seçmək üçün bütün imkanlara malikdir".

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə deyib ki, Azərbaycan elminin hər zaman gənclərə böyük ehtiyacı var: "Sizin yeriniz elmdə hər zaman görünür. Əfsus ki, bəzi məktəblər elmi istiqamətləri dağılıb, bəziləri isə ağır və çətin dövrlərdən çıxa biliblər. Elmi inkişaf etdirmək əsas niyyətimiz olsa da, kadr problemi hər zaman qalır. Elmimiz qocalsa da ümidimizi üzmürük. Akademiyada gənclər üçün lazım olan bütün şərait yaradılır. Hətta yaxınlarda magistraturaya qəbul da nəzərdə tutulur". 

    Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun bütövlükdə ölkə üçün əvəzsiz töhfə olduğunu qeyd edib: "Azərbaycan elminin inkişafı dövlətin diqqətində olan əsas məsələlərdən biridir. Bunun üçün bütün şərait yaradılır. Odur ki, maksimum dərəcədə bu şəraitdən istifadə etmək lazımdır. Çünki sabahın alimləri məhz siz gənclərsiniz". 

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov belə bilik yarışlarının sabahın alimlərinin yetişməsinə əlverişli zaman yaratdığını deyib.

    Açılış mərasimindən sonra iştirakçılar layihələrin nümayiş olunduğu stendlərlə tanış olublar. 

    Qeyd edək ki, üç gün davam edəcək müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal, və mükafat təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi