Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəfat edib

    Mərhum II Fəxri Xiyabanda dəfn olunub

    Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor Siyavuş Qarayev uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə “Report”a ADNA-dan bildirilib.

    Mərhum rektor II Fəxri Xiyabanda dəfn edilib.

    S.Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə “kimyaçı” ixtisası alaraq universiteti bitirib, təyinat üzrə Ümumittifaq Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

    1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, “Üzvi kimya” kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək “Üzvi kimya” kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının rektorudur.

    S.F.Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professorudur.

    Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S. Qarayev 550-ə yaxın elmi əsərlərin müəllifidir, 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə edib.

    Akademik S. Qarayev “Üzvi kimya” ixtisası üzrə doktorluq alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Şuraların üzvü və namizədlik alimlik dərəcəsi verən Dissertasiya Şuralarının sədri olub. Onun elmi rəhbərliyi ilə 23 elmlər namizədi hazırlanıb.

    Akademik S.Qarayev SSRİ Neft-Kimya və Neftayırma Sənayesi Əlaçısı, SSRİ-nin Fəxri kimyaçısı, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi adlarına layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi