Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dilinin tarixi lüğəti çap olunacaq

    Bu əsər tarixi qrammatika sahəsində ilk mənbədir

    Bakı. 11 mart. REPORT.AZ/ "AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda hazırlanan "Azərbaycan dilinin tarixi lüğəti" yaxın zamanlarda çap olunacaq". Bunu "Report"a İnstitutun Dil tarixi və dialektologiya şöbəsinin professoru Sevil Mehdiyeva deyib.

    Onun sözlərinə görə, lüğət XIII-XIX əsrin I yarısına qədər olan Azərbaycan ədəbi dilinin nümayəndələrini əhatə edir: "Lüğət Həsənoğludan tutmuş Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Molla Pənah Vaqif və başqalarının dili əsasında hazırlanıb. Bununla yanaşı, həmin dövrlərdə yazıya alınan yazılı abidələrin dilinə də istinadlar çoxdur. Mənbə çox olduğu üçün belə lüğətlərin çapı çətinlik törədir və uzun vaxt alır. Onu da qeyd edim ki, kitab yalnız lüğət deyil, ilk mənbə toplusudur".

    O bildirib ki, lüğətdə həm türk mənşəli Azərbaycan sözləri, həm də klassik ədəbiyyatımızda əsrlərlə işlənib vətəndaşlıq hüququ qazanmış, yaxud da bu hüququ qazanmayan bütün ərəb-fars alınmaları öz izahını tapır: "Xüsusilə diqqət olunub ki, bu sözlər bu və ya digər klassikin dilində hansı mənada işlənib. Bu məqsədlə bir sözə aid ayrı-ayrı sənətkarların yazdığı beytlər lüğətdə verilib. Hətta həmin sözlərin orfoqrafiq yazılışına da diqqət edilib. Bu lüğət tarixi orfoqrafiyamızın işlənməsi üçün material verən səmərəli bir mənbədir. Digər lüğətlərdən fərqli olaraq burada sözlərin ərəb əlifbası ilə yazılışı da verilib. Bu əsər tarixi qrammatika sahəsində ilk mənbədir. Bu tip əsərlər Azərbaycan dilçiliyində ilk sınaqdır".

    O, həmçinin əlavə edib ki, lüğət iki cilddən ibarətdir: "Kitabda 2000-dən artıq söz var. Birinci hissə 750 , ikinci hissə isə 720 səhifədən ibarətdir. Hər iki cild hazırdır. I cild yaxın zamanlarda çap olunacaq, ikinci cild isə hazırda texniki redaktədədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi