Yuxarı
    Bağlamaq

    Azərbaycanın ​təhsil naziri “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb

    Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri və müəllimlər bir sıra yüksək göstəricilərə malik olmalıdırlar

    Bakı. 29 oktyabr. REPORT.AZ/  Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, əmrə əsasən, müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.

    Bu proses Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun həyata keçirilir.

    Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

    Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri bir sıra yüksək göstəricilərə malik olmalıdırlar. Bunlar arasında son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, eyni zamanda məzunlarının yüksək bal toplaması, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması, bir sıra sorğularda ümumtəhsil məktəbi haqqında müsbət rəylərin irəli sürülməsi kimi şərtlər üstünlük təşkil edir.

    Ümumtəhsil məktəblərinə veriləcək mükafatların xərclənməsi istiqamətləri də əvvəlcədən göstərilir. Bu istiqamətlər laboratoriya, kompüter və idman avadanlığının alınması, istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi, elmi-metodik ədəbiyyatların alınması, innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyətlərin təşkilindən ibarətdir.

    “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsində başlıca məqsəd isə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltməkdən ibarətdir.

    Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi