​ARDNŞ-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb

​ARDNŞ-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb "Gələcəkdə BANM-in məzunlarının ARDNŞ-nin müasir kadr tələbatının yüksək səviyyədə ödəyəcəyinə əminəm"
Elm və təhsil
20 Noyabr , 2014 11:41
​ARDNŞ-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb

Bakı. 20 noyabr. REPORT.AZ/ ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüş keçirib və onları yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb. “Report” xəbər verir ki, bu barədə BANM-in yaydığı məlumatda bildirilib.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı ali məktəbdə görməkdən məmnunluq ifadə edib. Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ARDNŞ-nin fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edən Elmar Qasımov, bu dəyərli görüşün keçirilməsində əsas məqsəd BANM-in tələbələrini, Azərbaycanın bugünkü gəncliyini ARDNŞ-nin gündən günə inkişaf edən fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış etmək, onların ARDNŞ-nin müasir standartlara cavab verən yeni layihələrində mütəxəssis kimi iştirak etmələrinə, bu istiqamətdə üzərilərinə düşən əsas öhdəlikləri dərk etmələrinin, elmi və təcrübə biliklərinin dərinləşməsi üçün zəruri addımların atılmasının və Azərbaycanın neft-qaz və neft-kimya sahəsində olan ingilis dilli yüksəkixtisaslı mütəxəssis tələbatının ödənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra vitse-prezident Tofiq Qəhrəmanov rəhbərlik etdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə dair təqdimatla çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir, yüksəkixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə çatdırıb.

Xüsusilə də bu layihənin icrasında ingilis dilli və müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin Neft-qaz emalı və Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə maraqlı olduğunu bildirib və gələcəkdə məhz BANM-in məzunlarının ARDNŞ-nin müasir kadr tələbatının yüksək səviyyədə ödəyəcəyinə əminlik ifadə edib.

Sonda T.Qəhrəmanova BANM-in “Fəxri qonağı” diplomu təqdim edilib.

Son xəbərlər

Orphus sistemi