Yuxarı

​AMEA veb-səhifəsinin fəaliyyətini gücləndirəcək

Hazırda bununla bağlı monitorinq keçirilir, treninq planlaşdırılır

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə saytlarda olan məlumatların aktual vəziyyətdə saxlanması, dinamik olaraq yenilənməsi, ictimaiyyətə daha dəqiq məlumatlar verilməsi ilə bağlı treninq keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib.

O bildirib ki, treninq bu işlə məşğul olan şəxslərin məsuliyyətini artırmağa xidmət edəcək, eyni zamanda məlumatların yenilənməsi üçün mexanizmin qurulması məsələsindən söhbət açılacaq: "Qurumlar arası münasibətlərin yaranmasına dəstək verəcəyik. Əgər qurumların birində yeni informasiya olarsa, həmin məlumat science.gov.az portalına göndəriləcək. Bununla bağlı geniş bir fəaliyyət planı hazırlamışıq".

R.Əliquliyev AMEA-nın veb-resurslarının yaranmasına böyük diqqət verildiyini də deyib: "Elmi müəssisələrin veb-saytlarının informasiya təminatının aktual olmasına böyük əhəmiyyət veririk. Akademiyanın rəhbərliyinin tapşırığı ilə Rəyasət Heyətinin nəzdində science.gov.az portalında olan bütün növ informasiyaların monitorinqinin keçirilməsi üzrə işçi qrup yaradılıb. Qrup artıq öz işini həyata keçirir və qısa müddət ərzində monitorinq işini başa çatdıracaq. Monitorinqin nəticələri ilə akademiyanın rəhbərliyini məlumatlandıracağıq. Eyni zamanda, bu işə məsul şəxslərlə xüsusi işlər aparacağıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi