Yuxarı

AMEA-nın vitse-prezidenti: "Şəki Regional Elmi Mərkəzinə lazım olan kömək göstəriləcək"

AMEA Rəyasət Heyətinin üzvləri Şəki Regional Elmi Mərkəzində görüş keçiriblər

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Şəki Regional Elmi Mərkəzində (ŞREM) gələcək inkişaf proqramlarının, prioritet istiqamətlərin və elmi mərkəzin yeni strukturunun müzakirə edilməsi məqsədi ilə Şəkidə olublar. "Report" xəbər verir ki, qonaqlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşdükdən sonra Şəki Regional Elmi Mərkəzinə gələrək müəssisənin struktur bölmələri ilə tanış olub və kollektivlə görüş keçiriblər.

Görüşdə çıxış edən akademik F.Qədirov AMEA-da aparılan son islahatlar haqqında qısa məlumat verdikdən sonra, AMEA-nın vitse-prezidenti İ.Quliyev çıxış edib. O, akademik, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Yusif Şükürlünü ŞREM-ə direktor təyin edilməsi münasibəti ilə təbrik etdikdən sonra mərkəzin gələcək inkişaf planları və qarşıda duran vəzifələr haqqında danışıb. 

İ.Quliyev ŞREM-in gələcəkdə təkcə Şəkidə deyil, Azərbaycanın şimal-qərb regionunu əhatə etməklə geniş fəaliyyət göstərməsində AMEA rəhbərliyinin maraqlı olduğunu və bu istiqamətdə real addımlar atılmasının vaxtı çatdığını vurğulayıb. Bu işdə AMEA rəhbərliyi mərkəzə lazım olan köməkliyi göstərəcək.

ŞREM-in direktoru Y.Şükürlü yeni vəzifəyə təyin olunduqdan sonra mərkəzdə görülən işlər və həyata keçirilən kadr dəyişiklikləri barədə qısa məlumat verib.

AMEA İşlər İdarəsinin müdiri F.Abdullayev və RSXM-in direktoru Q.Yetirmişli də öz çıxışlarında gələcəkdə ŞREM-in fəaliyyətinin genişləndirilməsindən və bu iş üçün müvafiq strukturların mərkəzə yardım edəcəklərindən danışıblar.

Yığıncağın sonunda AMEA-nın vitse-prezidenti İ.Quliyev bugünkü görüşün mərkəzin fəaliyyətində əsaslı dönüş yaradacağına və qaldırılan məsələlərin tezliklə öz həllini tapacağına əmin olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi