AMEA-nın Tarix İnstitutu Özbəkistanın tarixçi aliminə qarşı təzyiqləri pisləyən bəyanat qəbul edib

AMEA-nın Tarix İnstitutu Özbəkistanın tarixçi aliminə qarşı təzyiqləri pisləyən bəyanat qəbul edib “Şuxrat Salamov millətlərarası nifrəti qızışdırmır və erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir”
Elm və təhsil
1 Fevral , 2017 14:03
AMEA-nın Tarix İnstitutu Özbəkistanın tarixçi aliminə qarşı təzyiqləri pisləyən bəyanat qəbul edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutdan “Report”a verilən məlumata görə, qurumun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, gündəlikdəki əsas məsələ bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalmasıdır.

Y.Mahmudov qeyd edib ki, hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb: “Şuxrat Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi başlanılıb. Bu yolverilməzdir, çünki özbək alimi öz əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilən soyqırımları tədqiq edib. Tarixi həqiqətləri işıqlandıran Şuxrat Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiə etmək deməkdir”.

Toplantıda bildirilib ki, Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxlu sayda sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdikləri soyqırımını sübut edən kitablar çap edilib.

Sonda Tarix İnstitutunun Elmi Şurası yekdilliklə Şuxrat Salamovla bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir.

Qəbul olunan bu bəyanatın Özbəkistanın müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Şuxrat Salamov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktorudur.

Son xəbərlər

Orphus sistemi