Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan
"Report" xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.
H.Əlibəyli Biləsuvar rayonunda dəfn olunub.
Qeyd edək ki, Həsən Əlibəyli 1935-cı ildə Biləsuvar rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1958-1959-cu illərdə həmin fakültənin dekan köməkçisi vəzifəsində işləyib.
1959-1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi işləyib, Əfqanıstan üzrə ekspert kimi vəzifələri icra edib.
1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub və 1967-ci ildə həmin institutda “Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946-1966-cı illər)” adlı namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1967-1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe vəzifəsində işləyib. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993-1994-cü illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində işləyib.
1989-cu ildə SSRİ Xarici İşlər Naziriliyinin Diplomatiya Akademiyasında “İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)” adlı doktorluq dissretasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.
Həsən Əlibəyli 6 monoqrafiyanın müəllifidir. Bundan başqa 120 adda məqaləsi Azərbaycanda və xaricdə müxtəlif elmi jurnal və toplularda çap olunub. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!