Yuxarı

AMEA-nın institutu ilə Bilik Fondu arasında saziş imzalanıb

Müştərək layihələr icra edilməsi məsələləri haqqında müzakirələr aparılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu (İHİ) və Prezident yanında Bilik Fondu arasında qarşılıqlı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsini nəzərdə tutan saziş imzalanıb. "Report" xəbər verir ki, görüş zamanı ictimai təhsil, ölkə əhalisinin insan hüquqları sahəsində maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi, müştərək layihələr icra edilməsi məsələləri haqqında müzakirələr aparılıb.

İnstitutun direktoru Aytən Mustafayeva deyib ki, saziş əsasən, İHİ ilə Fond arasındakı əməkdaşlıq çərçivəsində ölkə əhalisinin müxtəlif istiqamətlər üzrə hüquqi maarifləndirilməsi və onların öz hüquqları sahəsində biliklərini artırmaq məqsədilə təşkilati və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: "Həmçinin tərəflər gələcəkdə Azərbaycançılıq ideyasının, milli-mənəvi, hüquqi və dini dəyərlərin, ölkəmizə qarşı xarici təcavüzlərin beynəlxalq aləmə çatdırılması məqsədilə bir neçə dildə geniş həcmli elektron informasiya portalının yaradılmasını planlaşdırır".

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qeyd edib ki, Azərbaycan həqiqətləri ilə bağlı materialların, bukletlərin, broşürlərin hazırlanaraq xarici ölkələrdəki səfirliklər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması əməkdaşlığın əsas məqsədlərindən hesab olunur.

Görüşün yekunu olaraq tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişin əsas hədəfləri cəmiyyətin müxtəlif təbəqələrinin- akademiklərdən tələbələrə və KİV-lərə qədər hüquqi maarifləndirilmənin aparılmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi