Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində direktor seçkiləri keçiriləcək. Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA Rəyasət Heyətinin aprelin 20-də keçirilən növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə əlaqədar olub.
İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib.
AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.
Qeyd edək ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.