Yuxarı

AMEA-nın iki institutu birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılıb

Eyni zamanda, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə "Report"a AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yığıncaqda ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib. Qeyd olunub ki, 2015-ci ildə bölmələrin fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları, dövlət proqramları, Nazirlər Kabinetinin sərəncamları, AMEA Rəyasət Heyətinin qərarları əsas götürülüb.

2015-ci ildə keçirilmiş konfrans və simpoziumlardan, beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışılıb, müəssisələrin mühüm elmi nəticələri açıqlanıb.

İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib. İlk olaraq AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında məlumat verib. Akademik bildirib ki, AMEA-nın institut və təşkilatlarının, elmi mərkəzlərin, alim və mütəxəssislərin bu layihəyə fəal şəkildə qoşulmasının təmin edilməsi məqsədilə Rəyasət Heyəti 2014-cü ilin yanvarın 15-də qərar qəbul edib. Akademik-katib qeyd edib ki, bu qərarı rəhbər tutaraq Viki-Mərkəz vətəndaşlar arasında “Vikipediya”nın populyarlaşdırılması və orada AMEA əməkdaşlarının Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün mühüm işlər görür. Mərkəz həmçinin ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

Sonra bir qrup gənc alimin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi məsələsi müzakirə olunub. Akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi haqqında" 02 iyul 2013-cü il tarixli Fərmanını xatırladıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qeyd olunan fərmanın icrasını təmin etmək məqsədilə imzaladığı 29 oktyabr 2015-ci il tarixli sərəncama əsasən Akademiyanın elmi tədqiqat müəssisələrinin rəhbərlərinə elmdə yüksək nailiyyətlər əldə edən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılıb. Rəyasət Heyəti "Gənclər üçün Prezident Mükafatı"na AMEA-dan təqdim olunan namizədin seçim mərhələsində bilik və bacarıqlarına görə xüsusi fərqlənən bir qrup gənc əməkdaşın AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edib.

Tədbirdə müzakirə olunan növbəti məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.

İclasın sonunda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarına əsasən Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi