Yuxarı
    Bağlamaq

    AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqinin ilkin nəticələri açıqlanıb

    Akademik Rasim Əliquliyev: “Bəzi hallarda veb-resurslar informasiya təhlükəsizliyi tələblərinə cavab vermir”

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi başa çatıb. Bu barədə "Report"a AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib.

    Bu müddət ərzində Elmlər Akademiyasının rəsmi portalı (sciense.gov.az) da daxil olmaqla, bütün elmi müəssisələrin veb-saytlarının monitorinq həyata keçirilib: "Monitorinq veb-saytların dizaynı, texnoloji imkanları, informasiya təminatı, informasiyanın aktuallığı, xəbərlərlə bağlı vəziyyət və s. kompleks tələblər üzrə keçirilib. Bununla bağlı əldə olunan nəticələrə əsasən müvafiq addımlar atılacaq".

    Direktorun sözlərinə görə, artıq ilkin məlumatlar toplanılıb: "Hazırda nəticələr üzərində təhlillər həyata keçirilir. Sentyabrın axırına kimi monitorinqi tam yekunlaşdırıb nəticələri Elmlər Akademiyasının rəhbərliyinə və Rəyasət Heyətinə təqdim edəcəyik".

    Monitorinqin ilkin nəticələrindən danışan akademik bildirib ki, Elmlər Akademiyasının bəzi saytları "gov.az" domen zonasında deyil: "Elmlər Akademiyasının veb-saytları dövlət müəssisələrinə tətbiq olunmuş standartlar üzrə fəaliyyət göstərməlidir və saytların hamısı "gov.az" domeninin tələblərinə uyğunlaşdırılacaq".

    Rasim Əliquliyev qeyd edib ki, bəzi hallarda saytların informasiya təminatı ictimaiyyəti o qədər də qane etmir: "Biz istəyirik elmi fəaliyyət daha da yaxşı işıqlansın. Materiallar yalnız Azərbaycan dilində deyil, müəyyən xəbərlər dünya ictimaiyyətinə çatdırılması üçün digər aparıcı dillərdə də təqdim olunsun".

    Akademik həmçinin bildirib ki, bəzi hallarda veb-resurslar informasiya təhlükəsizliyi tələblərinə cavab vermir: "Veb-saytları istismar etmək, onu lazimı materiallarla təmin etmək üçün xüsusi yeni nəsil sosial media biliklərinə malik olan elm jurnalistləri lazımdır".

    Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə Milli Elmlər Akademiyasının rəsmi veb-saytlarının monitorinqi iyul ayında başlayıb. Monitorinq dəstək və kömək nöqteyi-nəzərindən aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi