Yuxarı

AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq

Bu haqda qərar N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən səyyar iclasda qəbul olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq.

“Report”un məlumatına görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən səyyar iclasında qəbul olunub.

Tədbirdə Akademiyanın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib.

Çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan hər bir institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edən məruzəçi elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqi, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılmasının başlıca hədəflərdən olduğunu bildirib.

Tədbirdə qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti elmi müəssisə və təşkilatlarda İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması barədə qərar qəbul edib. İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin koordinasiyası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinə tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi