Yuxarı

AMEA-nın akademik-katibi: "Elmimizi beynəlxalq tələblərə uyğunlaşdırmalıyıq"

Azərbaycan alimlərinin I Qurultayı dekabrın 19-da keçiriləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu il dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək. Bununla əlaqədar AMEA Rəyasət Heyətində Azərbaycan alimlərinin I Qurultayının təşkili və hazırlıq işlərinin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib. "Report" xəbər verir ki, bu barədə Akademiyanın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin yaydığı məlumatda bildirilib.

Qurultayın təşkili üzrə İşçi qrupunun iştirakı ilə keçirilən müşavirədə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qurultayın ümumxalq səviyyədə əhəmiyyətindən, onun Azərbaycan elmi və ictimai həyatındakı yerindən danışıb. O qeyd edib ki, "Azərbaycan alimlərinin qarşısında dayanan bir sıra vəzifələri müzakirə edib müvafiq qərar qəbul etmək, elmimizi beynəlxalq tələblərə uyğunlaşdırmaq, milli vəzifə və prioritetləri müəyyənləşdirmək, həmçinin Azərbaycan alimlərinin koordinasiyasını təmin etmək baxımından qurultayın keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

Daha sonra müşavirə Azərbaycan alimlərinin I Qurultayına dair Tədbirlər planının müzakirəsi ilə davam etdirilib. Tədbirlər planında nəzərdə tutulmuş təşkilati, texniki, logistik və digər məsələlər geniş şəkildə təhlil olunub və bunlarla bağlı müvafiq işlərin görülməsi qərara alınıb.

Sonda Azərbaycan alimlərinin I Qurultayının təşkili və hazırlıq işlərinin vəziyyətini dəyərləndirən akademik Rasim Əliquliyev tədbirə hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu qeyd edib və yeni tapşırıqların icrası ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi zərurətini diqqətə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi