Yuxarı
    Bağlamaq

    AMEA-nın adlı mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub

    AMEA-nın adlı mükafatlarına layiq görülmüş namizədlərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub. Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, AMEA Rəyasət Heyətinin bugünkü iclasında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA-nın adlı mükafatları üzrə müsabiqənin Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə elan edildiyini xatırladıb. Müsabiqəyə qatılmış alimlər barədə təqdimatlar və müvafiq sənədlər Ekspert Komissiyasına verilərək AMEA-nın adlı mükafatlarına namizədlər haqqında hazırlanmış müvafiq rəylər AMEA Rəyasət Heyətinə təqdim olunub. İclasda müsabiqənin nəticələri nəzərə alınaraq, müvafiq qərarlar qəbul olunub.

    Beləlikə, yarımkeçiricilərin zona strukturu və rəqs spektrlərinin hesablanması, darzolaqlı və Keyn spektrli yarımkeçiricilərin nəzəriyyəsinin yaradılması üzrə silsilə əsərlərinə görə akademik Firudin Məmmədəli oğlu Haşımzadənin AMEA-nın Nəsirəddin Tusi adına, bitkilərin mühafizəsi və bitki xəstəliklərinin tədqiqi sahəsindəki silsilə əsərlərinə görə akademik Siddiqə Rza qızı Məmmədovanın AMEA-nın Həsən bəy Zərdabi adına, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə professor Firəngiz Əliağa qızı Əlizadənin AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda körpə və uşaqlarda ürək-damar sistemi xəstəliklərinin yayılmasının tədqiqi, kliniki xüsusiyyətlərinin aşkar edilməsi, terapevtik və cərrahi müalicə üsullarının sistemli tətbiqinə görə akademik Adilə Əvəz qızı Namazovanın AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları ilə təltif olunması haqqında qərar qəbul edilib.

    Azərbaycanın neft-qaz yataqlarından çıxarılan neftin tərkib və xassələrinin öyrənilməsi, yüksək keyfiyyətli baza yağlarının tədqiqi və istehsalatda tətbiqi sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Fəzilə İbrahim qızı Səmədova AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına, Azərbaycan ərazisində yer qabığının dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi sahəsində əldə etdiyi fundamental nəticələrə görə akademik Pərviz Ziya oğlu Məmmədov AMEA-nın akademik Musa Əliyev adına mükafatına, Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə isə AMEA-nın müxbir üzvü Yaqub Mikayıl oğlu Mahmudov AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

    Qeyd edək ki, AMEA-nın adlı mükafatlarına layiq görülmüş namizədlərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi