Yuxarı

AMEA Milli Mətbuat günü münasibətilə media nümayəndələri üçün Yay məktəbi təşkil edib - FOTO

“Science Activity – 2016” adlı II Yay məktəbində ölkənin aparıcı media orqanlarının nümayəndələri iştirak ediblər

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin (İƏEPİ) təşkilatçılığı ilə Milli Mətbuat günü münasibətilə media nümayəndələri üçün “Elmi təbliğ edək!” devizi altında Yay məktəbi təşkil olunub. 

"Report" xəbər verir ki, “Science Activity – 2016” adlı II Yay məktəbində ölkənin aparıcı media orqanlarının nümayəndələri iştirak ediblər.

Yay məktəbində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) təşkil olunan tədbiri İƏEPİ-nin rəisi Zülfüqar Fərzəliyev açaraq Azərbaycan mətbuatının keçdiyi tarixi və şərəfli yoldan, onun inkişafının yeni mərhələsindən və mətbuata göstərilən davamlı dövlət qayğısından danışıb. AMEA-nın ölkə mətbuatının fəaliyyətinə yüksək qiymət verdiyini deyən Z.Fərzəliyev media ilə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu, faydalı işgüzar münasibətlərin əsasının qoyulduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qonaqları salamlayaraq Akademiyada elmin təbliği istiqamətində aparılan işlərdə jurnalistlərin mühüm rolunu vurğulayıb. Həmçinin N.Cəlilov ŞAR-ın fəaliyyəti haqqında qısa məlumat verib.
Tədbirdə idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov çıxış edərək Yay məktəbi layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Yay məktəbinin təşkilində məqsəd AMEA-da elmin kütləvi təbliği istiqamətində səmərəliliyin artırılması, eyni zamanda Akademiya ilə jurnalistlər arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir. Şöbə rəisi Akademiyada elmin populyarlaşdırılması siyasətinin icrası istiqamətində İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin tərkibinə daxil olan şöbələrin fəaliyyəti haqqında təqdimat nümayiş etdirib.
Daha sonra Yay məktəbi çərçivəsində təlimə start verilib. AzTV-nin İctimai-siyasi və xarici xəbərlər studiyasının direktoru, Bakı Slavyan Universitetinin dosenti Rövşən Məmmədov iştirakçılara jurnalistikanın nəzəri və praktiki məsələlərinə dair aktual mövzular üzrə təlim keçib.

Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Təlimdən sonra Yay məktəbinin iştirakçıları Rəsədxanada elmi mərkəzlə yaxından tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi