Yuxarı
    Bağlamaq

    AMEA ilk dəfə olaraq “Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim edib

    Fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorov AMEA-nın ən yüksək mükafatına layiq görülüb

    Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” öz sahiblərinə təqdim olunub. “Report” xəbər verir ki, Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafında sanballı xidmətlərinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Cahangir oğlu Məlikov və kvant nöqtəli heterostrukturların formalaşma prosesi və xassələrinin fundamental tədqiqi, onların əsasında yeni lazerlərin yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorov AMEA-nın ən yüksək mükafatına layiq görülüb.

    Çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə nəzərə çatdırıb ki, “Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif etmək səlahiyyəti ölkə başçısının 27 iyun 2014-cü il tarixli fərmanı ilə AMEA-nın Rəyasət Heyətinə verilib: “Rəyasət Heyətinin bu ay keçirilmiş son iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib və adları çəkilən alimlərin medalla təltif olunmaları barədə qərar qəbul olunub”.

    Qeyd edilib ki, bu medal Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Medal ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələr, əsərlər, kəşflər, ixtiralar, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi