Yuxarı
    Bağlamaq

    AMEA-nın institutunda yeni şöbə müdirləri təyin olunub

    AMEA: Ədəbiyyatı Muzeyinin strukturunda dəyişiklik ediləcək

    Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. 

    AMEA-dan "Report"a verilən məlumata görə, iclasda bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

    Tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda dəyişiklik edilməsi müzakirəyə çıxarılıb. Bildirilib ki, muzeydə aparılan elmi tədqiqat işlərinin və Azərbaycan ədəbiyyatı tarixinin təbliği, xarici ölkələrlə elmi əməkdaşlığın qurulması və genişləndirilməsi, elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, elmi kadrların inkişaf potensialının sürətləndirilməsi istiqamətlərində həyata keçirilən islahatlar muzeyin strukturunda bəzi dəyişiklikləri zəruri edib.
    Bölmə qeyd olunanları nəzərə alaraq, İctimaiyyətlə əlaqələr və mətbuat, Beynəlxalq əlaqələr və dünya muzeyləri, Təhsil şöbələrinin yaradılması və bəzi şöbələrin adlarında dəyişiklik edilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
    İclasda Dilçilik İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik edilməsi, həmçinin institutun qiyabi doktoranturasının sonuncu ilində təhsil alan iki nəfərə təhsillərində möhlət verilməsi haqqında qərarlar qəbul olunub.
    Tədbirdə bir sıra kadr məsələlərinə də baxılıb. Büronun qərarı ilə Memarlıq və İncəsənət İnstitutunda AMEA-nın müxbir üzvü Zemfira Səfərova Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədova İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva Kulturologiya şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Sabir Orucov Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Teatr, kino və televiziya şöbəsinin müdiri, Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aygül Hacıyeva Türk dilləri şöbəsinin müdiri, həmçinin filologiya üzrə fəlsəfə doktoru Təhminə İsmayılova Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi vəzifəsinə təsdiq olunublar.
    İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi" ilə bağlı sərəncamının icrasına dair müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi