AMEA-da "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib

AMEA-da "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib
Elm və təhsil
5 May , 2016 19:16
AMEA-da Müstəqil dövlətçilik təlimi və müasirlik mövzusunda elmi konfrans keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib.

"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb.

AMEA-nın prezidenti bildirib ki, Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə çatmasına nail olunub.

Akademik bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.

Akademiya rəhbəri AMEA-nın bugünkü fəaliyyətində də ulu öndərin böyük xidmətlərindən bəhs edib: "Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlayıb. Ulu öndərin əsasını qoyduğu düşünülmüş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev daim yaddaşlarda qalacaq, xalqımız onu həmişə fəxrlə anacaq".

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Yeni Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Heydər Əliyevin 47 il davam edən dövlətçilik siyasəti sayəsində Azərbaycan keçmiş Sovet dövrünün qabaqcıl ölkələrindən, müasir Azərbaycan isə dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib.

Akademik İsa Həbibbəyli bu dayanıqlı siyasətin bir neçə tarixi mərhələni əhatə etdiyini deyib: "Heydər Əliyevin yaratdığı bu siyasəti bir neçə aspektdən təhlil etmək olar. Lakin ən mühüm üç tarixi mərhələ var ki, ölkəmizin inkişafı məhz bu dövrlərə bağlıdır. Birinci mərhələ 1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev həmin vaxt hakimiyyətə gələndə Azərbaycanın adı keçmiş sovet respublikaları arasında sonuncu yerlərdə çəkilirdi. Məhz onun fəaliyyəti ölkəmizi həmin respublikalar sırasında üçüncü pilləyə yüksəldib. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər ölkəmizi Azərbaycanın üzləşdiyi təhlükədən xilas edib. Müstəqillik illərində həyata keçirdiyi islahatlar, gördüyü mühüm işlər Azərbaycanın bütün sahələrdə inkişafı ilə nəticələnib. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev isə ulu öndərin siyasi kursunu uğurla davam etdirərək bu inkişafa daha da təkan verib".

AMEA-nın vitse-prezidenti ümummilli liderin Azərbaycanı təhlükələrdən xilas edərək müstəqilliyimizin əbədiliyini təmin etdiyini bildirib: "Müdrik siyasəti sayəsində 90-cı illərin əvvəllərində ölkəmizi vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edib. Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsa da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir".

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Heydər Əliyev və Azərbaycanda milli mədəniyyətin inkişafı" mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verib.

Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində əsası ulu öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov "Heydər Əliyev: Gənclik və müasirlik" mövzusunda məruzə ilə çıxış edib.

Famin Salmanov qeyd edib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını məhz ümummilli lider qoyub. Müasir Azərbaycanda gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək verilməsinin Heydər Əliyev siyasətinin düşünülmüş modifikasiyası baxımından gələcəyimiz üçün imkanlar yaratdığını deyən şura sədri, bunun da ölkə Prezidenti İlham Əliyevin gənclər siyasətinin konsepsiyasında öz təzahürünü tapdığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi