AMEA-da akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub

AMEA-da akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub Bakı. 26 dekabr. REPORT.AZ/ AMEA-da Azərbaycanın görkəmli təbiətşünas alimi, dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Elm və təhsil
26 Dekabr , 2017 15:17
AMEA-da akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ AMEA-da Azərbaycanın görkəmli təbiətşünas alimi, dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə akademik Həsən Əliyevin əsərlərindən və fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.

Sonra tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən, təşkil olunduğunu bildirib. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alimin xidmətlərindən bəhs edən akademik A.Əlizadə onun Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Bildirib ki, alim zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Onun coğrafiya və torpaqşünaslıq elmləri sahəsində apardığı araşdırmalar bu gün də aktualdır.

Sonra çıxış edən AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və fəaliyyəti haqqında danışıb. Akademik Həsən Əliyevin çox böyük və samballı həyat yolu keçdiyini deyən R.Məmmədov alimin Azərbaycanda coğrafiya elminin inkişafında əvəzsiz tövsiyə və xidmətləri olduğunu vurğulayıb.

Təbirdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov “Akademik H.Ə.Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda çıxış edib. H.Bağırov cəmiyyətin ekoloji maarifləndirilməsi və ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində akademik H.Əliyevin xidmətlərindən söz açıb. Bildirib ki, təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Akademik H.Ə.Əliyev və UNESCO-nun MAB fəaliyyəti” mövzusunda çıxış edib. U.Ələkbərov akademik Həsən Əliyevi novator alim və görkəmli pedaqoq kimi xarakterizə edib, Azərbaycanda elmi nəsillərin inkişafında xidmətləri ilə yanaşı, alimin bir sıra yeni fəaliyyət istiqamətləri və ənənələri formalaşdırmasına da diqqət çəkib. Natiq akademik H.Əliyevin innovativ fəaliyyətinə misal olaraq UNESCO çərçivəsində “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin yaradılması təşəbbüsünü xatırladıb. Biomüxtəlifliyin qorunub saxlanması və müvafiq davamlı inkişafının həyata keçirilməsində “İnsan və biosfer” Proqramının əhəmiyyətindən söz açıb.

Konfransda BDU-nun professoru, coğrafiya üzrə elmlər doktoru Neron Babaxanov, Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev çıxış edərək ömrünün 60 ilə yaxın bir dövrünü elmə həsr edən Həsən Əliyevin şəxsi keyfiyyətləri, təmənnasız xidmətləri, çoxtərəfli elmi, ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Sonda akademik Həsən Əliyev haqqında film nümayiş etdirilib.

Tədbirdə iştirak edən mərhum akademikin oğlu Əməkdar memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi