Yuxarı

Alimlər orta məktəblərdə nümunəvi dərs aparacaqlar

Dərslərin aparılması üçün 12 alim seçilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər aparacaqlar. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, bununla bağlı nazirliklə AMEA arasında razılıq əldə olunub. Razılığa əsasən, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində "Elmdən təhsilə" adlı məqsədli proqram ilə bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcək.

"AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin əsas qayələrindəndir", - nazirlikdən bildirilib.

Dərslərin aparılması üçün 12 alim seçilib. Onların arasında Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsüm Nağısoylu, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin bölmə rəhbəri Tahir Məmmədli, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Adil Əliyev, Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatının sədri Əli Babayev, Fizika İnstitutunun aparıcı elmi işçisi Bəxtiyar İzzətov, Botanika İnstitutunun aparıcı elmi işçisi Pərvanə Qaraxani, Zoologiya İnstitutunun aparıcı elmi işçisi Namiq Mustafayev, A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimli və İnsan Hüquqları İnstitutunun elmi işçisi Aida Bəndəliyevadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi