Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin vaxtı açıqlanıb

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin vaxtı açıqlanıb Qəbul bu il keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır
Elm və təhsil
28 İyul , 2015 17:56
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin vaxtı açıqlanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edir. TQDK-dan "Report"a verilən xəbərə görə, qəbul bu il keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Məlumatda qeyd edilib ki, bu il də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 29-dan avqustun 5-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilən ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. 

Son xəbərlər

Orphus sistemi