Yuxarı

Akif Əlizadə: "AMEA-nın institutları, Elmi Şuraları doktorantura məsələsinə ciddi yanaşmır"

Sizə 313 qiyabi yer üzrə doktorant hazırlamaq lazımdırmı?

Bakı. 12 iyul. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Şuraları doktorantura məsələsinə nəzarət edə bilmirlər".

"Report" xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə 2016-cı il üçün doktoranturaya və dissertanturaya qəbul planı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, nazirliklərdən, sahə institutlarından doktorantura ilə bağlı verilən planlara bir o qədər də ciddi yanaşılmırdı: "Akademiyadaxili qəbul planına ciddi baxılsa da, kənardan gələn proqramlara, mövzulara vaxt baxımından diqqət yetirməyə imkan yoxdur".

A.Əlizadə deyib ki, akademiyada keçən il 93 yer Nazirlər Kabinetindən xahiş edilmişdi: "Eyni zamanda, akademiyadan kənar olan idarələrdən, institurlardan 560 yer təqdim olunmuşdu. Təbii ki, bu say çoxdur. Biz onları nə mövzu, nə də rəhbərlə təmin edə bilməyəcəyik. Həmçinin, 560 nəfərə aktual mövzular da verə bilməyəcəyik. Bu yerlərdən 247-si əyani, 313-ü isə qiyabi olub".

"Sizə 313 qiyabi yer üzrə doktorant hazırlamaq lazımdırmı? Sonra da Ali Attestasiya Komissiyasının üzərinə böyük məsuliyyət düşür və onların hər birini ciddi yoxlamaq çətin olur. Nəticədə bəzi nöqsanlar ortaya çıxır. Bu da nəzarətin ciddi olmadığını göstərir. Akademiyanın 93 yerinə 77 qəbul olub. Yəni 16 yer boş qalıb. Bu il Akademiya doktorantura üçün 154 yer verəcək. Yenə də AMEA-nın institutları, Elmi Şuraları bu məsələyə ciddi yanaşmır. Keçən il 77 nəfərin qəbul olunduğunu gördükləri halda, bu il yenidən 154 yer istəyirlər. Digər idarələrdən, institutlardan doktoranturaya qəbul üçün isə 500-ə yaxın yerin təqdim olunacağı gözlənilir. Lakin Nazirlər Kabinetinə bu say ixtisar olunaraq göndəriləcək", - deyə AMEA prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi