Akademik Teymur Kərimli: “Vatikanın Məxfi Arxivində axtarışları dərinləşdirməyə ehtiyac var” - MÜSAHİBƏ

Akademik Teymur Kərimli: “Vatikanın Məxfi Arxivində axtarışları dərinləşdirməyə ehtiyac var” - MÜSAHİBƏ “Bu ildən AMEA-da qədim və ölü dillərin öyrənilməsi üzrə mütəxəssislər yetişdiriləcək”
Elm və təhsil
22 Oktyabr , 2015 12:00
Akademik Teymur Kərimli: “Vatikanın Məxfi Arxivində axtarışları dərinləşdirməyə ehtiyac var” - MÜSAHİBƏ

Bakı. 22 oktyabr. REPORT.AZ/ AMEA Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlinin Reporta müsahibəsi:

Teymur müəllim, son aylar Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kolleksiyasına nə qədər yeni material əlavə olunub?

- Hər il Əlyazmalar İstitutunun xəzinəsi yeni-yeni əlyazma və əski çap kitabları ilə zənginləşir. Keçən il institutumuz 9 əlyazma və 9 əski çap kitabı əldə edib. Bu əlyazmalardan XVIII əsrdə köçürülmüş “Tuzuki-Teymuri” (“Teymurun vəsiyyətnaməsi”), Nəsirəddin Tusinin “Ağaz və əncam”, Mirzə Mehdi xan Astrabadinin “Tarixi-cahanguşayi-Nadiri” əsərlərinin adını çəkmək olar.

- Azərbaycana məxsus əlyazma nümunələri daha çox hansı ölkələrin arxivlərindən əldə olunur

- Dünyanın əksər Şərq əlyazmaları kitabxanalarında və muzeylərində Azərbaycan əlyazmalarına rast gəlmək mümkündür. Ərəb ölkələrinin, İran və Türkiyənin, Hindistanın, Sankt-Peterburq, London və Parisin kitabxanalarında və əlyazma saxlanclarında daha çox əlyazmamız mühafizə olunur. Bu yaxınlarda Paris Milli Kitabxanasından əldə etdiyimiz bir əlyazmasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yeni bir qəzəlini aşkarlamışıq. Bu isə onu göstərir ki, ciddi axtarışlar Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, elminə aid bir sıra yeni materialları üzə çıxara bilər.

- Yazılı abidələrin qorunması üçün hansı müasir üsullar tətbiq olunur?

- Yazılı abidələrimizin qorunmasında xarici ölkələrdən gətirilmiş preparatlardan istifadə olunur. Lakin dezinfeksiya, bərpa əməliyyatları əsasən ənənəvi üsulla - əllə aparılır

- Vərəqlərin yuyulması, təmizlənməsi üçün innovasiyaların tətbiqi hansı səviyyədədir?

- Vərəqlərin yuyulması, təmizlənməsi üçün də ənənəvi metodlardan istifadə olunur. Təcrübə göstərir ki, bu, daha təhlükəsiz üsuldur. Eyni zamanda, bu sahədə xarici ölkələrin qabaqcıl texnologiyalarına da müraciət olunur. Bu məqsədlə mütəxəssislərimiz təcrübə qazanmaq üçün müvafiq ölkələrə uzun və qısa müddəətli ezamiyyətə göndərilirlər.

- Bu günə kimi heç sıradan çıxan əlyazma nümunəsi olubmu?

- Əlyazmalar İnstitutuna daxil olarkən vərəqləri xarab olmuş əlyazmalar olur. Vərəqləri nəmişlikdən, çürümədən, həşərat və göbələklərdən korlanmış əlyazmalar bərpa prosesindən keçirlər. Lakin bərpa prosesindən sonra sıradan çıxmış əlyazma olmayıb.

- Tədqiqat məqsədilə instituta üz tutan əcnəbi alimlərə hansı qaydalar tətbiq olunur?

- Əcnəbi alimlər institutumuza onları göndərən müəssisənin məktubu və öz sənədləri ilə gəlirlər. Bu sənədlər əsasında onlar institut kitabxanasının oxucuları sırasına daxil edilirlər. Bundan sonra sifariş verdikləri əlyazmalarla tanış olmaq üçün onlara institutun oxu zalında şərait yaradılır.

Bununla yanaşı, dünya kitabxanaları və əlyazma fondları ilə bağlanmış müqavilələr əsasında elektron əlyazma mübadiləsi də aparılır. Bir neçə ay öncə Kembric Universiteti nəzdində fəaliyyət göstərən İslam Əlyazmaları Assosiasiyasının üzvü olmuşuq ki, bu da əlaqələrimizin genişlənməsinə və daha məhsuldar şəkil almasına imkan yaradıb.

Vatikanın gizli arxivlərində Azərbaycana aid olan bütün materiallar əldə olunubmu?

- Son illərdə Heydər Əliyev Fondunun yardımı ilə Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli Vatikanın Məxfi Arxivində və Apostol Kitabxanasında araşdırma aparıb, Azərbaycana dair bir sıra əlyazma və sənədlərin surətlərini ölkəmizə gətirib. Lakin bu, oradakı materialların yalnız cüzi bir hissəsidir. Axtarışları dərinləşdirməyə, Azərbaycana məxsus zəngin sərvətin bütövlükdə üzə çıxarılmasına ehtiyac var.

- Tapılan materialların tədqiqi üçün qədim dilləri bilən mütəxəssis çatışmazlığı problemi yaşanırmı?

- Roma kitabxanalarında nadir xristian, müsəlman, yəhudi mənbələri, latın, italyan, əski fransız, qədim yunan, ərəb, türk, fars və.s. dillərdə yazılımış əlyazmalar saxlanılır. Əlbəttə ki, respublikamızda qədim dilləri mükəmməl bilən mütəxəssislərə böyük ehtiyac var. Biz Azərbaycana aid qədim dillərdə yazılımış materialların bir nüsxəsini Mədəniyyət və Turizm Nazirliyinə veririk. İstəyirik ki ki, dillərə bələdçiliyi olanlar istifadə etsin. Əlyazmalar İnstitutunda əsasən ərəb, fars və türk dillərindəki əlyazmalar tədqiq edilir.

Onu da qeyd etmək istəyirəm ki, AMEA prezidenti akademik Akif Əlizadənin təşəbbüsü və Respublika Prezidenti İlham Əliyevin dəstəyi ilə bu ildən Akademiyada fəaliyyət göstrən magistraturada qədim və ölü dillərin (qədim yunan, sanskrit, latın) öyrənilməsi üzrə də mütəxəssislər yetişdiriləcək.

- Bu günə kimi tapılan sənədlər əsasında nə qədər kitab çap olunub?

- Fərid Ələkbərlinin “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar” adlı kataloqunu çap etdirmişik. Onun “Vatikan arxivlərində saxlanan türkdilli əlyazmalar” kataloqu da çapa hazır vəziyyətdədir. Filologiya elmləri doktoru Paşa Kərimov XV-XVI əsrlər şairi Sürurinin bir nüxsəsi Vatikan Apostol Kitabxanasında saxlanan anadilli divanını çapa hazırlamaqdadır (Əsərin digər iki nüsxəsi Türkiyə kitabxanalarında saxlanılır).

Əlyazmaların transliterasiyası, tərcüməsi, nəşri və tədqiqi üzərində iş xüsusən müstəqillik illərində xeyli intensivləşmişdir. Bu sahədə məhsuldar fəaliyyət göstərən instituutumuzda hər il onlarla kitab çap olunur ki, onların adlarını çəkmək burada imkan xaricindədir.

-  Bu gün elmlə məşğul olanların qədim əlyazmalara marağı haqqında nələri deyə bilərsiniz?

- Açığını desək, gənclər bu sahəyə o qədər də həvəslə gəlmirlər. Bu gün dəbdə olan başqa ixtisaslar var ki, gənclər əsasən həmin sahələrə meyil edirlər. İnstitutda əlyazmalarla məşğul olan mətnşünas mütəxəssislər isə, obrazlı desək, əlyazmalarla “nəfəs alırlar”. Nə yazıq ki, bu sahədə bir zamanlar güclü olmuş elmi məktəblərimizin ənənələri öləzimək üzrədir.

- Rəhbəri olğuğunuz institutda qədim materiallarda mikrobların olub-olmamasının yoxlanılması üçün laboratoriyalar varmı?

- Əlyazmalar İnstitutunda fəaliyyət göstərən Əlyazmaların gigiyena və bərpası laboratoriyası məxsusən bu işlə məşğul olur. Laboratoriyanın müdiri biologiya üzrə fəlsəfə doktoru Adil Sadıxov bu sahədə uzun illər çalışmış mütəxəssisdir.

- Bir əlyazma kitabının bərpa olunması üçün nə qədər vəsait sərf olunur?

- Əlbəttə, burada dəqiq rəqəm söyləmək o qədər də asan deyil. Bu işə preparatlar sərf olunur. İşi icra edən mütəxəssislər buna görə maaş alırlar. Həm də bu, əlyazmanın hansı vəziyyətdə olmasından daha çox asılıdır. Əsas məsələ odur ki, bizim Turkiyədə təhsil almış peşəkar bərpaçımız Zaur Orucov beynəlxalq standartlar əsasında bərpa işlərini aparır. Lazımi materialların əldə edilməsində TİCA-nın, Almaniyada yaşayan Məhəmmədəli Hüseyni adlı dostumuzun, Konya Dövlət Kitabxanasının və başqa qurumların təmənnasız yardımını da minnətdarlıqla qeyd etmək istərdim.

- Yazılı abidələrin elektron kitabxanasının mövcud vəziyyəti hansı səviyyədədir?

- İnstitutda bu sahədə ciddi iş aparılır. Xüsusən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr elektron əlyazma kitabxanasının yaradılması üzərində işlərin daha da intensivləşdirilməsini tələb edir. Bu sahədə institutumuz həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edir. İnstitutda qorunan türkdilli əlyazmaların böyük bir qisminin elektron variantı hazırlanıb bazaya daxil edilib. Bu yöndə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi