Yuxarı
    Bağlamaq

    ​Akademik İlyas Abdullayevin 100 illik yubileyi qeyd olunub

    Alim Azərbaycanda tutçuluq elminin əsasını qoyub

    Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Genetik Ehtiyatlar İnstitutunda görkəmli alim və ictimai xadim, AMEA-nın həqiqi üzvü İlyas Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

    "Report" AMEA-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, AMEA Aqrar Elmlər Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Novruz Quliyev görkəmli alimin şərəfli ömür yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycanda genetika və seleksiya elminin inkişafındakı misilsiz xidmətlərindən söhbət açıb.

    Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “AMEA-nın həqiqi üzvü İlyas Abdullayevin elmi-təşkilati fəaliyyəti haqqında” mövzusunda məruzə ilə çıxış edib.

    Azərbaycanda tutçuluq elminin əsasını qoymuş, görkəmli alim, akademik İlyas Abdullayev 23 mart 1913-cü ildə Ağstafa şəhərində anadan olub. 1921-1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində, 1926-1930-cu illərdə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsil alıb. 1931-34-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb və paralel olaraq ipəkçilik kafedrasında laborant işləyib.

    1939-cu ildə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunda “Mineral gübrələrin tutun məhsuldarlığına və yarpağın yemlik keyfiyyətinə təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1935-ci ildə ilk dəfə Azərbaycan SSR-də tutun seleksiyası və sortsınağı üzrə elmi-tədqiqat işlərini təşkil edərək, ömrünün sonuna qədər bu işlərə rəhbərlik edib.

    Alim Azərbaycan SSR-in əsas ipəkçilik rayonlarına ekspedisiyalar təşkil edib, tut bitkisinin meyvəlik və yemlik istiqamətlərdə növ və sort tərkibini öyrənib. Əldə etdiyi 400 perspektiv formanın ilkin qiymətləndirilməsindən sonra 115 forma daha üstün hesab edilib, artırılıb və Gəncədə ilk tut kolleksiyası yaradılıb. Onun rəhbərliyi ilə analitik və sintetik seleksiya metodlarından istifadə etməklə Azərbaycanın ilk seleksiya sortları Zərif-tut, Sıxgöz-tut, Azəri-tut, Emin-tut və b. yaradılaraq sınaqdan keçirilib və geniş şəkildə istehsalata yayılıb.

    1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 1956-cı ildən ömrünün sonuna kimi Genetika və Seleksiya İnstitutunun “Çoxillik bitkilərin genetikası və seleksiyası” şöbəsinə rəhbərlik edib.

    İ.Abdullayev tutun, üzümün, bağ çiyələyinin və qarağatın seleksiyasında klassik metodlarla yanaşı, genetik metodlardan da uğurla istifadə edib. O, tutçuluqda fiziki və kimyəvi mutagenlərin tətbiqinə, eksperimental poliploidiya metodlarının işlənməsinə xüsusi əmək sərf etmiş, SSRİ miqyasında ilk dəfə bu məsələləri uğurla həll etmiş və mühüm elmi nailiyyətlər əldə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi