ADU rektoru doktorant və dissertantlarla görüşüb

ADU rektoru doktorant və dissertantlarla görüşüb Tədbirdə doktorantların təklif və iradları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb
Elm və təhsil
12 Fevral , 2015 20:13
ADU rektoru doktorant və dissertantlarla görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov ali təhsil müəssisəsində təhsil alan doktorant və dissertantlarla görüşüb.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, S.Seyidov çıxışında ali təhsil müəssisələrinin məqsədinin ali bilikləri mənimsəmək arzusunda olan gənclərə bu yolda öz fəaliyyətini ən yüksək səviyyədə nümayiş etdirmələri üçün şərait yaratmaq olduğunu söyləyib. Doktorantların maraqlı, çətin, şərəfli sahə olan elmi araşdırmalara yenicə qədəm qoyduqlarını deyən rektor tədqiqatların aparılmasında elmi rəhbərlərlə məsləhətləşməyin önəmli olduğunu qeyd edib. 

Universitet əməkdaşlarının beynəlxalq uğurlarından danışan rektor rəhbərlik etdiyi ali təhsil müəssisənin xarici əlaqələrinin uğurla inkişaf etdiyini deyib. S.Seyidov həmçinin ADU-nun ölkə üzrə qərar tutduğu birinciliyi gələcək fəaliyyəti ilə qoruyub saxlamağın vacibliyini sözlərinə əlavə edib. 

Daha sonra universitetin nümayəndələri və tələbələri çıxış ediblər.

Sonra doktoranturaya yüksək balla qəbul olanların adları açıqlanıb və doktorantların vəsiqələri təqdim olunub, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov doktorantura təhsilinin prosedur qaydaları haqqında məlumat verib.

Sonda doktorantların təklif və iradları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi