Yuxarı

ADNSU ilə Meksika Neft İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq

Rektor Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.

Bu barədə “Report”a ADNSU-nun mətbuat xidmətindən məlumat verilib.

Rektor Meksika dövləti və xalqının Azərbaycan üçün həmişə xüsusi yeri olduğunu, ADNSU-nun məzunları arasında 3 meksikalının olduğunu bildirib.

ADNSU-nun Azərbaycanın ən qədim II universiteti olduğunu qeyd edən rektor bu ali təhsil məktəbinin Avropa və Asiyada neft-qaz profilli ilk texniki universitet olduğunu vurğulayıb.

Mustafa Babanlı keçmiş SSRİ-də bu ali məktəbin ən yaxşı 10 ali təhsil müəssisəsi arasında yer aldığını, xarici ölkələr üçün mütəxəssislərin hazırlanması baxımından isə 3 əsas universitetdən biri olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə universitetin bundan sonra sənaye üçün mütəxəssislər də hazırlayacağını söyləyən rektor bununla bağlı ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində geniş islahatların aparıldığını nəzərə çatdırıb: "ADNSU-da 32 ixtisas üzrə tədris həyata keçirilir, ali məktəbdə 9 mindən artıq tələbə təhsil alır. Təhsil ocağında professor-müəllim heyətinin sayının təqribən 700 nəfər təşkil edir. Onlardan təqribən 100 nəfəri elmlər doktoru və professor, 400-dən artıq hissəs isə elmlər namizədi və dosentdir. Hazırda ADNSU-da 19 ölkədən 400-dək əcnəbi tələbə təhsil alır”.

Professor Mustafa Babanlı səfir və onu müşayiət edən nümayəndə heyətinə yeni yaradılan Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verib.

Rektor UFAZ-ın tələbələrə 4 ixtisas üzrə ən yüksək standartlara uyğun təhsil verəcəyini, buranın məzunlarına ADNSU-nun diplomu ilə yanaşı Strasburq Universitetinin də diplomunun veriləcəyini söyləyib. Rektor Mustafa Babanlı Meksika səfiri ilə görüşün bu ölkənin ali məktəbləri ilə ADNSU arasında əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir Xuan Rodriqo Labardini Flores Meksika ilə Azərbaycan arasında bir sıra səhələrdə, o cümlədən təhsil və elmi tədqiqat səhələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib. O, Meksikanın ali məktəbləri ilə ADNSU arasında əməkdaşlıq əlaqələrinin qurulmasına hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.

Səfir vaxtilə ADNSU-da təhsil alan tələbələri axtarıb tapacaqlarını bildirib.

ADNSU rektoru M.Babanlı həmin tələbələri növbəti il məzun günündə iştirak etməyə dəvət etdiyini qeyd edib.

Meksika səfirliyinin rəhəbərlik etdiyi nümayəndə heyətinin üzvü, Meksika Neft İnstitutunun şöbə müdiri Viktor G.Ortiz Gallardo təmsil etdiyi ali məktəb haqda məlumat verib.

Bu ali məktəbin elmi tədqiqat institutu olduğunu və burada tədiqiqatların aparılması və kadr hazırlığı ilə məşğul olunduğunu qeyd edən Viktor G.Ortiz Gallardo elm sahəsində ikitərəfli əməkdaşlıq potensialının olduğunu vurğulayıb.

Görüşdə ADNSU ilə Meksika Neft İnstitutu arasında Əməkdaşlıq haqqında Memorandumun hazırlanmasına dair razılıq əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi