Yuxarı
    Bağlamaq

    ADBTİA-da aparılan yenidənqurma işlərinin geniş təqdimatı keçirilib - FOTO

    Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov da iştirak ediblər

    Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) yeni yaradılmış ixtisasların və aparılan yenidənqurma işlərinin geniş təqdimatı keçirilib.

    “Report” xəbər verir ki, son dövrdə ADBTİA-da aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar ilə tanışlıq məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər akademiyanın qonağı olublar.

    ADBTİA-nın rektoru Fuad Hacıyev qonaqları tədris otaqları ilə tanış etdikdən sonra məlumat xarakterli videoçarx nümayiş olunub.

    Qeyd edək ki, bu ilin sentyabr ayından başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisasları yaradılıb və tədrisinə start verilib. Hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə gündən-günə inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir.

    Sözügedən magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb və onların təcrübəsini Azərbaycan təhsil sisteminə tətbiq edir. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi eyni zamanda beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir. Bu xüsusi əhəmiyyət daşıyan modulların tədrisinin və təcrübi kursların Böyük Britaniyanın təhsil müəssisələrində tədrisinə şərait yaradır. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi