ADA Universiteti SOCAR-a birgə X Bakı Yay Enerji Məktəbini keçirəcək

ADA Universiteti SOCAR-a birgə X Bakı Yay Enerji Məktəbini keçirəcək Proqram enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək
Elm və təhsil
9 Mart , 2016 20:17
ADA Universiteti SOCAR-a birgə X Bakı Yay Enerji Məktəbini keçirəcək

Bakı. 9 mart. REPORT.AZ/ ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə 10-22 iyul 2016-ci il tarixlərində X Bakı Yay Enerji Məktəbini keçirəcək. 

"Report"un məlumatına görə, ikihəftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş şəkildə tanış olacaqlar.

Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif ölkələrindən olan dövlət və özəl neft şirkətlərinin rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, TAP, BP, “ExxonMobil”, “Total”, “Statoil”, “Petronas” və digər neft şirkətlərinin yüksək vəzifəli şəxsləri çıxış edəcəklər. Müəllimlərin siyahısı Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya şöhrətli elm mərkəzlərinin görkəmli mütəxəssisləri ilə tamamlanacaq.

İştirakçıların həm də Azərbaycanda neft sənayesinin keçmişi və müasir tarixi ilə bağlı olan Səngəçal neft terminalını, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini, Nobel qardaşları muzeyini və başqa bu kimi yerləri görmək fürsəti olacaq.

Son xəbərlər

Orphus sistemi